"Çinli nazirin rəsmi səfərlərinin kökündə hərbi və digər sahələr üzrə əməkdaşlığın daha da möhkəmlənməsi durur".

Bu sözləri Çinin müdafiə naziri Li Şanfunun Rusiya və Belarusa səfərlərini şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İqtisadiyyat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Şərq koalisiyası Qərbə qarşı daha sıx birləşməyi düşünür:

"Çox güman ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq və Ukraynadakı müharibənin geosiyasi təsirləri ilə bağlı müzakirə olacaq. Əvvəlki dövrlərdə Belarus-Rusiya-Çin üçbucağı, eyni zamanda Rusiya-Belarus-İran üçbucağı fonunda Belarus Rusiyanı təzyiqlərdən qorumağa çalışıb. Çünki Rusiyanın birbaşa Çin və İranla təması Qərbin daha çox narazılığına səbəb ola bilər. Əslində Ukraynada davam edən müharibə Rusiyanın atom müharibəsi ilə yanaşı, həm də Şərq və Qərbin müharibəsi sayılır. Bu müharibədə Şərq koalisiyasında Rusiya, Çin, İran və Belarus yer alıb. Lakin bu ölkələrin arasında da bəzi məsələlərlə bağlı ziddiyyət var. Bir müddətdən sonra Çinin Rusiyanı və ya İranın Belarusu yarı yolda qoyması baş verə bilər. Bütün hallarda Çinli nazirin ardıcıl səfəri gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə bir işarədir. Çinin Belarusa hərbi yardımı genişlənə bilər". 

Qeyd edək ki, Çinin müdafiə naziri Li Şanfun Rusiyada keçiriləcək XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak və çıxış edəcək. Çinli nazir Rusiya müdafiə rəsmiləri ilə yanaşı, Belarusda prezident Aleksandr Lukaşenko və müdafiə rəsmiləri ilə görüşəcək. 

Gülşən Şərif