Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıq yolu ilə qanunsuz narkotik saxlamada təqsirləndirilən Türkiyə vətəndaşı Ceyhun Müslümün (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

İqtisadiyyat.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 ilə endirilib.

İttihama görə, Ceyhun Müslüm qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb və daşıyıb. O, 25 aprel 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı-Salyan avtomagistralının Bakı şəhəri, Səbail rayonu ərazisindən keçən hissəsinin 15-ci kilometrliyinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib.