"Türkiyə ilə tərəfdaşlıq ən yüksək səviyyədədir və müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslanır. Hər iki tərəf mehriban qonşuluq, tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında əlaqələri daha da inkişaf etdirmək əzmindədir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

O, Kreml Sarayında Rusiyada vəzifəyə başlayan 21 ölkənin səfirlərini, o cümlədən Türkiyənin Moskva səfiri Tanju Bilgiçi qəbul edib, etimadnamələrini alıb və diplomatları təbrik edib.

Türkiyə ilə Rusiya arasındakı münasibətləri dəyərləndirən Putin qeyd edib: "Türkiyə ilə tərəfdaşlıq ən yüksək səviyyədədir və uzun illər ərzində müxtəlif sahələrdə qazanılan təcrübəyə əsaslanır. Hər iki tərəf mehriban qonşuluq prinsipləri əsasında əlaqələri daha da inkişaf etdirmək əzmindədir".

Prezident Rəcəb Tayyib Ərdoğanla daim təmasda olduğunu bildirən Putin, bu təmaslar zamanı ikitərəfli münasibətlərlə bağlı bütün vacib məsələlərin müzakirə edildiyini bildirib.

Putin əlavə edib:

"Xüsusilə qeyd etmək istərdim ki, enerji sahəsində Rusiya-Türkiyə əməkdaşlığı həqiqətən də stratejidir. "Rosatom" (Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası - red.) Türkiyədə ilk AES-in, Akkuyu elektrik stansiyasının tikintisini davam etdirir. Təbii qaz sahəsində sıx əməkdaşlıq qurulub. "Mavi Axın" və "Türk axını" boru kəmərlərinin istismarı çərçivəsində sektorda bu əlaqələr inkişaf edir. Türkiyədə təbii qaz paylama mərkəzinin yaradılması istiqamətində işlər davam edir. Ticarət və yüksək texnologiya sahələrində də bir çox maraqlı layihələrimiz və ortaq işlərimiz var".