"Polşa və Ukraynanın infrastruktur nazirlikləri birgə sərhəddən keçən və son vaxtlar anlaşmazlıqlara səbəb olan nəqliyyat məsələləri barədə razılığa gəliblər. Danışıqlar nazir müavinləri səviyyəsində aparılıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi öz "Facebook" səhifəsində məlumat verib.

"Polşanın İnfrastruktur Nazirliyinin yeni rəhbərliyi ilə birlikdə biz sərhədin açılmasına dair fəaliyyət planı üzərində razılığa gəldik. Görüşün əsas nəticəsi sərhədin açılması üçün vahid mövqelər haqqında razılaşma olub. Tərəflər kompromis həllər və onların həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə edib. Növbəti mərhələ Polşa İnfrastruktur Nazirliyi və etirazçılar səviyyəsində danışıqlardır", - məlumatda qeyd edilib.

Eyni zamanda, Ukrayna departamenti bildirib ki, yük daşımalarının liberallaşdırılması ilə bağlı mövcud sazişə dəyişiklik məsələsi müzakirə edilmir.

Qeyd edək ki, noyabrın 6-da Polşa daşıyıcıları 2022-ci ilin iyul ayından etibarən Avropa İttifaqının ukraynalı həmkarlarına verdiyi güzəştlərin ləğvini tələb edərək, Ukrayna ilə sərhəddə keçid məntəqələrini bağlayıb. Sərhəd blokadası nəticəsində yüklərin çatdırılmasında qiymətlər üç dəfədən çox artıb, Avropa şirkətləri sifarişlərin həcmini azaltmağa başlayıb. Blokada başlayandan üç ukraynalı sürücü sərhəddə növbələrdə ölüb. Kiyev dəymiş ziyanla bağlı iddialar hazırlamağa başlayıb, öz növbəsində Polşa İnfrastruktur Nazirliyi Kiyevi Polşa daşıyıcılarının tələblərini yerinə yetirməyə çağırıb.