Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli təbii fəlakət idarəsinin rəsmisi Ənvər Şahzad bildirib.

O qeyd edib ki, Hayber-Paxtunxva əyalətinin bəzi bölgələrində güclü yağış səbəbindən evlərin damları uçub, daşqınlar baş verib və bəzi yollar bağlanıb.

Şahzad leysan yağışların səbəb olduğu sel və digər hadisələrdə əksəriyyəti uşaq olmaqla 8 nəfərin həyatını itirdiyini bildirib.

Əyalətdə daşqın nəticəsində baş verən fəsadlara görə 12 nəfərin xəsarət aldığını vurğulayan Şahzad 2 uşağın seldə itməsi ilə bağlı məlumatı paylaşıb.

Şahzad qeyd edib ki, ölənlərdən 3-ü bir ailədən olan 3-7 yaşlı bacı-qardaşlardır.

Səlahiyyətlilər təhlükəsizlik tədbirləri səbəbiylə bölgədə bəzi yolların bağlandığını açıqlayıb.

Qeyd edək ki, martın 2-də Hayber Paxtunxva əyalətində leysan yağışlar nəticəsində bəzi evlərin damlarının uçması, bəzi evlərin sürüşmə nəticəsində torpaq altında qalması nəticəsində təxminən 30 nəfər həyatını itirib.