Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Son dövrlər cəmiyyətdə özəlləşdirmə paylarının (çeklər) yenidən istifadəsi ilə bağlı müzakirələrə sıx rast gəlinir. Belə ki, özəlləşdirmə çeklərini satmayan yüzminlərlə vətəndaş hüquqi cəhətdən haqlarının tapdandığını iddia edirlər. Ona görə də çek sahibi olan vətəndaşlar ölkə başçısı başda olmaqla, Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, Milli Məclis və Konstitusiya Məhkəməsinə müraciət ünvanlayaraq hüquqlarının bərpa olunmasını xahiş ediblər.

 

 

Mövzu ilə bağlı Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının üzvü Rəşad Abbasov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, çek sahiblərinin xahişinin nəzərə alınması təqdirəlayiq addım olar: 

"Son illər özəlləşdirmə çekləri ilə bağlı məsələ aktuallaşıb. Hətta çek sahiblərinin müvafiq qurumlara müraciətləri də nəzərə çarpır. Bildiyim qədəriylə, bu gün təxminən 1 milyon 600 min özəlləşdirmə payı əllərdədir və istifadə olunmayıb. Ona görə də çek sahibləri zamanında onlar üçün yaradılmış imkandan istifadə etmək istəyirlər. Bir sıra hüquqşünas alimlərin araşdırmasına görə, özəlləşdirmə çekləri müddətsiz idi və tədavülünün dayandırılması qanunaziddir. O vaxtı bizə də özəlləşdirmə çekləri verilmişdi. Lakin bu çeklərdən istifadə edə bilmədik. Hesab edirəm ki, indiki məqamda özəlləşdirmə çeklərinin yenidən tədavülünə ehtiyac var. Bu, sosial vəziyyətin yaxşılaşması ilə yanaşı, iqtisadi inkişafa da müsbət təsir edə bilər. Ona görə də Ulu Öndərin imzası ilə paylanmış çeklərin hansısa formada istifadəsinə imkan yaradılması arzuolunandır. Çünki bu çeklər vətəndaşların haqqıdır və bu haqq tezliklə bərpa olunmalıdır".

 


Sosioloq Nail Cəlil isə öz növbəsində qeyd edib ki, çeklərin yeni nominal qiymətinin müəyyənləşdirilməsi zəruridir:

"Özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir. Özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı qanun mövcud deyil. Yəni özəlləşdirmə çekləri hələ də etibarlı sayılır. Bu məsələ artıq uzun müddətdir gündəmdədir. Belə ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir. İctimaiyyətin fəal kəsimi, xüsusən çeklərini istifadə etməmiş şəxslər özəlləşdirmə paylarının istifadə vaxtının uzadılmasında maraqlıdırlar. Bununla bağlı parlamentdə də müəyyən müzakirələr aparılıb. Özəlləşdirmə çekləri ölkədə mülkiyyətin bir hissəsini hüquqi, sahibkarlıq payını ifadə etdiyi üçün vətəndaşların iqtisadi haqlarını tənzimləyən hüquqi sənəddir. Bu səbəbdən çeklərin ləğv olunması, dövriyyədən çıxarılması yanlış və mülkiyyət hüququnu pozan bir qərar idi. Digər tərəfdən, çeklərdə konkret sahibkarın adı, ona düşən özəlləşdirmə payının dəqiq təsviri verilmədiyindən çeklər, əsasən, qiymətli nominal kağızlar kimi istifadə olunub. Sadəcə əhalinin ehtiyacları müqabilində dəyərindən dəfələrlə aşağı qiymətə satılıb, məhdud əllərdə cəmləşib, bir çox hallarda təyinatı üzrə yönəldilməyib. Bu səbəbdən məsələyə yenidən baxılmasına ehtiyac var. 

Beynəlxalq hüquqa, Konstitusiya və qanunlara, Ulu Öndər Heydər Əliyevin və dövlətin tarixi sosial ədalət siyasəti prinsiplərinə əsaslanaraq hüquq ekspertlərinin yekdil qərarına görə, qanunla miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65 faizlik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65 faiz əmlak payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə satıla bilməz. Özəlləşdirmə çeklərinə inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi yeni nominal qiymətin qoyulması qanunla tənzimlənərsə, çeklərdə göstərilən əmlak payının real dəyəri müəyyənləşdirilməlidir. İnflyasiya ilə bağlı qismən indeksləşdirilmənin aparılması mümkündür".

Qeyd edək ki, yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:

https://www.facebook.com/411723382563138/posts/1365259420542858/

Milli Məclisin sədri Sahibə Qafarovaya müraciətlə tanış ola bilərsiniz:

file:///C:/Users/Dell/Downloads/Milli%20M%C9%99clisin%20S%C9%99drin%C9%99.pdf