Masallı rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı dünyasını dəyişən şəxslər - 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyev "OBA" marketin işçiləri olub.

Belə ki, Qəzvinoba kənd sakini İ.Cavadov əvvəllər kənddəki "OBA" marketdə işləyib. O, sonradan iş yerini dəyişərək Lənkəran şəhərində çalışmağa başlayıb. Bədəlan kənd sakini olan İ.Əliyev isə Qəzvinobadakı "OBA" marketdə çalışırmış. Onlar əvvəllər bir yerdə işlədiyinə görə dostlaşıblar. Hadisə baş verən günü də İ.Cavadov İ.Əliyevlə görüşmək üçün onun yanına gəlibmiş.

Xatırladaq ki, hadisə dekabrın 9-u saat 21 radələrində baş verib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Qəzvinoba kəndi ərazisində hərəkətdə olarkən piyadalar - 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub.

Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.