"Sosial şəbəkələrdə gedən informasiya böhtandır"

Dünəndən sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı ağlasığmaz ifadə və fikirlər səsləndirilir. Səbəb kimi mayın 16-da rektorun universitetin akt zalında tələbələrlə görüş zamanı guya müxalifətin ünvanına təhqiramiz ifadələr səsləndirməsi göstərilir. 
İlk növbədə onu qeyd edək ki, bir azərbaycanlı xanım, ağbirçək ana olan Nurlana Əliyevanın tələbələrlə hər görüşü daha çox övlad-valideyn münasibətləri çərçivəsində, səmimiyyət və inam müstəvisində baş tutur. 
Bu görüşlərdə milli-mənəvi dəyərlər, əxlaq, etika, vətənpərvərlik, ədalət, düzlük, insanpərvərlik önə çəkilir. Ümumiyyətlə, 30 ildən artıq ictimai-siyasi fəaliyyətlə məşğul olan, xalqını sevən, onunla ünsiyyətdən qürur duyan xanım professorun iclasda siyasi əqidəsinə, dünyagörüşünə görə kimlərisə təhqir etməsi, yaxud kimlərinsə ünvanına aşağılayıcı ifadələr işlətməsi mümkünsüz bir işdir. 
N.Əliyeva indiyədək heç bir vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymayıb, sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, iqtidar və yaxud müxalifət düşərgəsində təmsil olunmasından asılı olmayaraq bütün insanlara bu torpağın, yurdun bərabərhüquqlu vətəndaşları kimi baxıb. 
Əslində, Nurlana Əliyevanın BSU-ya gəldiyi ilk gündən məqsədi gənclərin patriotizm, milli-vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan xalqının tarixi ənənələrinin, mədəniyyətinin, ədəbiyyatının, bütövlükdə mənəvi dəyərlərinin gənclərə ötürülməsi olub. 
Qapısı hər zaman insanların üzünə açıq olan rektor hər bir insanla səmimi dialoqa girəndə, tələbələrə bir ağbirçək ana kimi öyüd-nəsihət verəndə ilk növbədə əxlaq və etik normalar, milli-mənəvi dəyərlər prizmasından çıxış edir. 
Təbii ki, belə bir ziyalı xanımın, pedaqoqun, tanınmış dövlət xadiminin siyasi baxışlarına, ideoloji düşüncəsinə görə kimlərisə təhqir etməsi, yaxud onlar haqqında nalayiq ifadələr işlətməsi barədə informasiyalar şər və böhtandan başqa bır şey ola bilməz. 
Təkrar edirik, iqtidar - müxalifət mövqeyində durmasından asılı olmayaraq bu ölkənin bütün vətəndaşlarına sayğı göstərmək bizim borcumuzdur.

İbrahim Quliyev, BSU mətbuat xidməti