"Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) və onun hazırkı sədri, Nigeriya prezidenti Bola Əhməd Tinubu Nigerdəki vəziyyətin diplomatik həllinə üstünlük verirlər".

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Tinubunun sözçüsü Ajuri Ngelale bildirib.

"Tinubu və ECOWAS Nigerdəki vəziyyəti hərbi yolla deyil, diplomatik yolla nizamlamaq istəyirlər. Buna baxmayaraq, ECOWAS avqustun 10-da Nigeriyanın paytaxtı Abuca şəhərində keçiriləcək fövqəladə sammitində bütün mümkün variantları nəzərdən keçirəcək", - Ngelale qeyd edib.

O, genişmiqyaslı qərarlar vəd edib.

Qeyd edək ki, sözügedən ECOWAS sammiti Nigerdə hakimiyyəti ələ keçirən üsyançıların ölkədə konstitusiya nizamını bərpa etmək üçün üsyançılara 7 gün vaxt verən təşkilatın iyulun 30-da keçirilən əvvəlki iclasında irəli sürülən tələbi yerinə yetirməkdən imtina edilməsindən sonra keçirilir. Qarşıdan gələn sammitdə Nigerlə bağlı bundan sonra nə ediləcəyinə dair qərarın qəbul ediləcəyi gözlənilir.