Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin 2024-cü il üçün İş Planı təsdiq edilib.

Bu barədə İqtisadiyyat.az-a Nazirlikdən bildirilib.

Belə ki, Naxçıvan Maliyyə Nazirliyində 2023-cü ildə görülmüş işlər və 2024-cü ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Muxtar Respublikanın maliyyə nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov iclası giriş sözü ilə açaraq əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasından, ərazi bütövlüyümüzün bərpa edilməsindən, Azərbaycanda gündən-günə daha geniş vüsət alan sürətli inkişafdan bəhs edib.

Sonra iclasın gündəliyinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən 2023-cü il ərzində görülmüş işlər və qarşıda duran məsələrə dair çıxış edən nazir müavini qeyd edib ki, 2023-cü il maliyyə göstəriciləri baxımından Naxçıvan üçün uğurlu bir il olub.

Belə ki, 2023-cü ildə Muxtar Respublikanın büdcəsinin gəlirləri 152,2 milyon manat plana qarşı 121,13 % və ya 184 milyon 385 min 484 manat məbləğində icra edilib, büdcəyə nəzərdə tutulandan 32 milyon 163 min 484 manat çox vəsait toplanıb.

Hesabat ili ərzində Naxçıvanın büdcəsinin xərcləri 605 milyon 013 min manat proqnoza qarşı 16,6 % və ya 100 milyon 696 min 957 manat az, 504 milyon 316 min 058 manat məbləğində icra edilib. Bu məbləğ 2022-ci ilin analoji xərc göstəricisindən (605 milyon 869 min 766 manat) 101 milyon 553 min 723 manat azdır.

Diqqətə çatdırılıb ki, təşkilatlar və digər bütün büdcə iştirakçıları üzrə əvvəlki illərə nisbətdə sosial xərclər, stimullaşdırıcı mükafat və maddi yardımlar həcminə görə müsbət artımla icra edilib.

Həmçinin bildirilib ki, 2023-cü ildə Azərbaycanın mərkəzləşdirilmiş xərclərindən Naxçıvanın büdcəsinə ayrılan dotasiya nəzərdə tutulandan (452 milyon 791 min manat) 30,43 % və ya 137 milyon 791 min manat az, 315 milyon manat məbləğində icra edilib. 2023-cü ildə alınmış dotasiya 2022-ci illə müqayisədə (425 milyon manat) 110 milyon manat az olub.

Gəlir və xərclərin təhlili zamanı Azərbaycanın mərkəzləşdirilmiş xərclərindən alınmış dotasiya məbləği Naxçıvanın 2023-cü il büdcə xərclərinin maliyyələşdirilməsində 62,5 % təşkil etdilməsinin müşahidə edildiyini qeyd edən nazir müavini vurğulayıb ki, bu, 2023-cü ildə Naxçıvanın büdcə xərclərinin 37,5 %-nin yerli yığımlar hesabına təmin edilməsi deməkdir və əldə olunan göstərici indiyə qədərki ən yaxşı göstəricidir.

Daha sonra Naxçıvanın 2024-cü il büdcəsi haqqında danışan H. İsmayılov qeyd edib ki, Muxtar Respublikanın 28 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il büdcəsində gəlirlər 173 milyon 105 min manat proqnozlaşdırılıb ki, bu məbləğ 2023-cü ilin büdcə gəlirləri ilə müqayisədə 20 milyon 883 min manat və ya 13,7 % çoxdur.