İyulun 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən İqtisadiyyat.az-a bildirilib ki, Nazirliyin rəhbər heyəti sərgidə "ASELSAN", "ROKETSAN", "DEARSAN" və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin Türkiyənin Texnologiya naziri cənab Mehmet Fatih Kacır ilə görüşüb.

Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.