Sentyabrın əvvəlindən Belarusla sərhəddə Polşa təyyarələrinin sərhədi pozması ilə bağlı beş insident qeydə alınıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko məlumat verib.

"2023-cü il noyabrın 2-də Polşanın yüngül təyyarəsi patrul xidməti zamanı Belarus Respublikasının dövlət sərhədini dəfələrlə 200 m dərinlikdə keçib. Sentyabrın əvvəlindən Polşa beş analoji hadisə törədib", - məlumatda qeyd edilib.

Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi Polşanın müvəqqəti işlər vəkili Martin Voyçexovskini çağırıb, ona noyabrın 2-də Polşa tərəfdən təyyarənin Belarus sərhədini pozması ilə bağlı sərt etiraz edilib. Minsk Varşavadan insidentin hərtərəfli araşdırılmasını və gələcəkdə oxşar halların aradan qaldırılması üçün təsirli tədbirlər görməsini tələb edib, həmçinin sərhəd zonasında uçuşlara etinasız münasibətin yolverilməzliyini qəti şəkildə qeyd edib.