İqtisadiyyat.az xəbər verir ki, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov AzTV-də "Əsas məsələ" verilişində Meşəli hadisələrindən danışıb. 

O bildirib ki, Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb.

1992-ci il yanvarın 11-də Baş prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirən Baş prokurorluğun rəsmisi tərəfindən hadisə yerininin fotoları təqdim olunub.

Uzun müddət aparılmış istintaq nəticəsində Xaçatryan Vaqif Çerkəzoviçin şəxsiyyətinin müəyyən edildiyini qeyd edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi 2013-cü ildən Vaqif Xaçatryanın beynəlxalq axtarışa verildiyini bildirib.