Mərkəzi Bankın 2022-ci il üzrə son maliyyə hesabatına görə, bankın cəmi kapitalı il ərzində 189 milyon manat (16%) azalıb. Qanunvericiliyə görə, Mərkəzi Bankın məcmu kapitalı 500 milyon manat müəyyən edilən nizamnamə kapitalından və bu məbləğdən az olmayaraq formalaşdırılan kapital ehtiyatından ibarətdir. Yəni məcmu kapital 1 milyard manatdan az olmamalıdır. İndiki halda isə məcmu kapital müəyyən olunan normativdən 20 milyon manat azdır. Mərkəzi Bankın kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. 

 

xalid(1)(1).jpg

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, dünya bazarında inflyasiyanın hökm sürməsi qiymətli kağızlar bazarına və Mərkəzi Bankın cəmi kapitalına mənfi təsir göstərib:

"Mərkəzi Bankın cəmi kapitalının azalmasının səbəbi qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə  ehtiyatda yaranan ziyandır. Ötən il faiz dərəcələrinin artması dünya bazarında qiymətli kağızların dəyərini aşağı saldı, eyni zamanda inflyasiya artdı. Yəni Mərkəzi Bankın qiymətli kağızlarının dəyərdən düşməsi mənfi təsirə səbəb oldu. Bu, Mərkəzi Bankın yaxşı və ya pis idarəetməsindən asılı olan məsələ olmayıb. Ümumi məcmu kapitalın bərpa olunması üçün Mərkəzi Bankın kapitalının 1 milyard manata çatdırılmasına ehtiyac var. Bu, iki formada ola bilər. Ya biznesə əlavə vəsait qoyula bilər, ya da əlavə gəlir mənbəyi olmalıdır. 

2023-cü ilə nəzər salsaq, faiz dərəcələri aşağı düşməyib və qiymətli kağızların dəyəri hələ də düşməkdədir. İlin əvvəli ilə müqayisədə ABŞ Mərkəzi Bankı, Avropa Mərkəzi Bankı, Böyük Britaniya və digər böyük banklar il ərzində faiz dərəcələrini artırıb. Bu isə qiymətli kağızlar bazarına təsirsiz ötüşməyib. Ola bilər ki, Azərbaycan Mərkəzi Bankı bu ili zərərlə başa vursun. Qiymətli kağızların vaxtı çatanda nominal dəyəri ilə bazarda realizasiya olunacaq və Mərkəzi Bank yenidən mənfəətliliyini bərpa edəcək. Ümumilikdə qiymətli kağızlar bazarında həddən artıq şişmə və ya hansısa ciddi problem yoxdur".

Gülşən Şərif