“Mənzil problemlərinin azalması üçün vahid müqavilə formasından istifadə edilməsinə ehtiyac var”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri tikinti subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahisələrin mediasiya vasitəsilə həllinə dair keçirilən mətbuat konfransında çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

O vurğulayıb ki, 2020-ci ildən sonra pandemiya, daha sonra Rusiya-Ukrayna müharibəsi tikinti sektoruna mənfi təsir edib:

“Son bir ildə mənzillərin əksəriyyəti kreditlə satılır. Bura həm ipoteka krediti, həm də bank daxili kreditlər aiddir. Böyük şirkətlər uzun illərdir ki, kreditlə evlər satırlar. Beləliklə, tikinti şirkətləri ilə hüquqi problemlər yaranan kimi, bank sektoru ilə birgə zəncirvari reaksiya işə düşür və iqtisadiyyatın bir neçə seqmenti o sindroma yoluxur.

Tikinti sektorunun satıcı və ya icraçı funksiyasını yerinə yetirən bütün subyektləri tərəfindən mülki hüquq münasibətlərinin rəsmiləşdirilməsi zamanı vahid müqavilə formasından istifadə edilməsi bu sektorun inkişafına, eləcə də dövlət qurumlarının və məhkəmələrin fəaliyyətinə müsbət töhfəsini verəcək”.

Qeyd edək ki, konfrans Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi, Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Gülşən Şərif