"Avropa İttifaqı (Aİ) büdcəsinə yalnız Ukraynanın xeyrinə yenidən baxılması ölkəyə xeyir verməyəcək və Avropa ictimai rəyini Kiyevdən uzaqlaşdıracaq. Bizim Aİ-nin Ukraynaya resurslar ayırması üçün "B planımız" var".

İqtisadiyyat.az xəbər verir ki, bunu İtaliyanın baş naziri Giorgia Meloni deyib.

"Resurslar məsələsində Ukrayna üçün "B planları" var, biz bu barədə kənarda danışdıq, amma ümid edirəm ki, onlara ehtiyac qalmayacaq. Amma hesab edirəm ki, büdcəni yalnız Ukraynanın maraqları naminə dəyişmək olmaz. Bu müharibə cəmiyyətlərimizə təsir etdi. Əgər bu nəticələrə adekvat cavab tapa bilməsək, ictimai rəy Ukraynanı dəstəkləməyəcək", - deyə Meloni bildirib.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel jurnalistlərə bildirib ki, Aİ sammiti Ukraynaya qarşıdakı 4 il ərzində 50 milyard avroluq büdcə yardımı proqramını təsdiq edə bilməyib, lakin üzv ölkələr yanvarda və ya fevralda bu mövzuya qayıdacaqlar.