Azərbaycan mediası müxtəlif dönəmlərdən keçib. Çətin vaxtları da olub, parlayan vaxtları da. Ən çətin vaxtlarında medianı peşəkarlar xilas edib. Amma bununla yanaşı, medianı alver meydanına çevirən, peşəsinə kar və kor olanları da unutmamalıyıq. Reket jurnalistikası müstəqillik tariximizdə Azərbaycan mediasının üz qarası olub. Üzü üzlər görmüş bu məxluqların hərəsi boynundan vəsiqəvari bir şey asıb dilənçilik edirdilər. Media qara bir boşluğa yuvarlanmaqda idi. Bu qaranlığı aydınlığa çıxaran məhz MEDİA agentliyi və qurumun yeni islahatları oldu. 

Yeni yaradılan Reyestrdən sonra məhz həmin alverçi “jurnalistlər” yoxa çıxdılar. Onların məqsədi yazdıqları xəbərin yayılması yox, silinməsidir. Daha doğrusu sildirilməsi. “Pulunu ver, xəbəri silim” hədəsi ilə meydan sulayan “yaxası vəsiqəlilər”in şəxsiyyəti müəyyən olundu və Reyestrdən keçə bilmədilər. Çünki ora düşmək özü peşəkar jurnalistika fəaliyyəti tələb edir. 

Digər müsbət məqam MEDİA Agentliyinin yaranmasından sonra media subyektləri üçün çoxsaylı güzəştləri nəzərdə tutan qanun layihəsinin Milli Məclis tərəfindən qəbul edilməsi oldu. MEDİA Agentliyi və Dövlət Vergi Xidməti tərəfindən Media subyektlərinin gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edilməsi heç şübhəsiz ən mütərəqqi və alqışalayiq addımlardan biri hesab oluna bilər. Xüsusilə bunun nə dərəcədə faydalı bir addım olduğunu maliyyə fəaliyyətini şəffaf həyata keçirən media subyektlərinin rəhbərləri təsdiqləyə bilər. Həqiqətən də, cənab Prezidentin sərəncamları ilə media nümayəndələrinə və subyektlərinə edilən güzəştlər Azərbaycanın dövlət olaraq bu sahəyə göstərdiyi diqqətin göstəricisidir. 

2022-ci ildə Prezidentin imzaladığı fərmanla “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. 

Bununla da azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka krediti alma imkanı əldə ediblər. 

MEDİA Agentliyi isə bütün bunlardan sonra işini bitmiş hesab etmir, davamlı olaraq müxtəlif səpkili tədbirlər təşkil edərək media nümayəndələrini bir araya yığır, media savadlılığı mövzusunda seminar və forumlar təşkil edərək bu sahəyə öz töhfəsini verir. Əlbəttə müəyyən neqativ hallar hələ də qalmaqdadır. Amma pozitiv işlərin çəkisi daha ağır gəldiyi üçün gələcəyə optimist baxmalıyıq.

MEDİA Agentliyi isə bu etibarı qazandığı kimi qoruyub saxlamağı da bacarmalıdır. Qurmaq asandır, qorumaq isə çətin. Hər kəs indi qorumaqla məşğuldur. Əsgər vətəni, hakim ədaləti, polis asayişi qoruduğu kimi, MEDİA Agentliyi də media sahəsindəki peşəkar mühiti qorumalıdır. Bu həm dövlətin, həm media əhlinin, həm də xalqın arzusudur.

Sabit Məmmədov