Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçiriləcək.

İqtisadiyyat.az-ın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

İlk olaraq kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov sentyabrın 1-də, saat 10.00-da Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3809408) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.