"Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü saxlayacağına əminəm". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə bildirib.

"Ermənistan iqtisadi cəhətdən ölmək istəsə, biz onu itirə bilərik. Amma mən düşünmürəm ki, ermənilər axmaq insanlardır. Onlar ağıllı insanlardır", - Lukaşenko deyib. 

Belarus prezidenti "Ermənistanın baş naziri Nikol Paşinyanın Minskə gəlməyib, Sankt-Peterburqa uçmasından inciyibmi?" sualına belə cavab verib: "Mən onun Sankt-Peterburqa uçacağını bilirdim. Onunla danışanda dedim: "Nikol Vovaeviç, sən Sankt-Peterburqa uçacaqsan?" O da cavab verdi: "Yaxşı, bu başqa formatdır. iqtisadi. Biz hərbi-siyasi olaraq KTMT-dən incimişik. İqtisadiyyat isə başqa". 

"Mən bilirdim ki, o, Sankt-Peterburqa uçacaq. Mən o vaxt da bu işdə onu dəstəkləyirdim, indi də dəstəkləyirəm. Nə günah var? Biz birlik dövlətiyik", - Lukaşenko bildirib.

O, Ermənistanın Aİİ-yə üzvlüyündən narahat olmadığını vurğulayıb: "Mən bu barədə düşünmürəm və narahat deyiləm, əminəm ki, Ermənistan heç yerə getməyəcək". 

Lukaşenkonun sözlərinə görə, İrəvan Əfqanıstanın timsalında amerikalılar öz peyklərini tərk edəndə nə baş verdiyini çox gözəl görüb.

Eyni zamanda, Lukaşenko Qərb dövlətlərinin Ermənistana hər hansı şəkildə kömək edəcəyi fikrinə də şübhə ilə yanaşıb: "Onlara kim kömək edəcək? Orada Avropa, Fransa nəsə etməyə çalışır. Fransada nələr baş verdiyini görürük. Bunu özləri başa düşməlidirlər, sonra Qafqaza gedib orada nəsə etməyə çalışsınlar".