Son vaxtlar rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı ilə məşğul olan "Kontakt Home" şirkətindən narazılıqlar artır. Şirkətin müştəriləri olmuş şəxslər arasında mağazalar şəbəkəsindən razı qalmayanlara mütəmadi olaraq rast gəlinir. Bəzi alıcılar isə istehlakçı hüquqlarının pozulduğunu qeyd ediblər. Tanınmış jurnalist Elşad Məmmədli "Kontakt Home" şirkətinin onun ailə üzvlərinə qarşı soyğunçuluq etdiyini iddia edib.

İqtisadiyyat.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə səhifəsində məlumat yayıb.

O, ailə üzvlərinin kreditlə telefon götürməsindən sonra "Kontakt Home"un soyğunçuluğu ilə üzləşdiklərini vurğulayıb:

"Ailə üzvlərimiz kreditlə telefon götürüblər. 25 yanvarda zəng etdilər ki, gecikmələrinizlə birlikdə 160 manat ödənişiniz var və onu ödəyin. Dedikləri məbləği tam olaraq ödədim. Dedilər ki, növbəti ay üçün sadəcə ödənişiniz qalıb. Üstündən 20 gün keçdiyi, yəni bir aylıq periodun da olmadığı halda zəng edərək yenə 166 manat borcumuzun qaldığını deyirlər. Əməkdaş heç cür izah edə bilmədi ki, bu anormal - 20 günlük period və 20 gündən bir cərimə tətbiqləri, ötən ay bütün cərimələr ödəndiyi halda yenidən cərimə yazmaları nə səbəbdəndir. Deyir, üst-üstə son il yarımda 60 gün gecikmə var, günə 0.5 manat faiz hesablanır. 60 günə bu eləsin 30 manat. Mənə isə 2 ayda 350 manata yaxın ödəniş etdiriblər və həyasızcasına deyirlər ki, bu məbləği cərimələrə hesablamışıq, gedin təzədən kredit ödəyin... Mən bundan sonra ümumiyyətlə sizə 1 qəpik də pul ödəməyəcəm".

"Kontakt Home" isə yaranmış vəziyyətlə bağlı təəssüfləndiyini bildirib və müştərinin müraciətindən sonra araşdırma aparılacağı qeyd edilib.

Daha sonra isə şirkətin əməkdaşları tərəfindən əlaqə saxlanılaraq, yekun məlumat bildirildiyi vurğulanıb. Şirkətin feysbuk səhifəsi vasitəsilə jurnalistə ünvanlanan cavabında deyilir: "Nəzərinizə çatdıraq ki, rəsmiləşdirmə zamanı sizə təqdim olunan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən aylıq ödənişlərinizi tarixinə uyğun tam ödəmədiyiniz halda, gecikən ödəniş üçün əlavə məbləğ hesablanır. Siz və ailə üzvünüz aylıq ödənişlərinizi çoxsaylı gecikmələrlə həyata keçirmisiniz və gecikmə üzrə hesablanan əlavə məbləğ tam həyata keçirilməyib. Bu səbəbdən də gecikmələr davam edib".

İqtisadiyyat.az mövzu ilə bağlı səhər saatlarında "Kontakt Home"a sorğu ünvanlayıb.