Ərbil Beynəlxalq Hava Limanı ərazisində (Bağdaddan 425 km məsafədə yerləşir - red.) yerləşən ABŞ hərbi bazası kamikadze pilotsuz uçan aparatı ilə vurulub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Shafaq News" xəbər portalına İraq Kürdüstanı Muxtar Administrasiyasındakı mənbə məlumat verib.

"Pilotsuz vasitə Ərbil hava limanında ABŞ-nin himayəsi altında beynəlxalq koalisiyanın bazasına hücum edib", - mənbə bildirib. Bununla belə, o, hücumun Amerika qüvvələrinin sıralarında itkilərə səbəb olub-olmadığını dəqiqləşdirməyib.

Hücuma görə məsuliyyəti daha əvvəl Suriyanın Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağı yaxınlığındakı ABŞ bazasına hücumlar təşkil etdiyini bildirən "İraq İslam Müqaviməti" hərəkatı üzərinə götürüb.

"CNN-Arabic"in məlumatına görə, dekabrın 20-dən şiə döyüşçüləri ABŞ-nin Suriya və İraqdakı hərbi obyektlərinə dörd dəfə hücum edib. Ümumilikdə oktyabrın 17-dən bəri ABŞ bazalarına 90-dan çox hücum edilib.