"Fransa hökuməti Hindistan Müdafiə Nazirliyindən 26 ədəd "Rafale M" qırıcı təyyarəsinin alınması ilə bağlı sorğu alıb və bu müqavilə danışıqları proseduruna rəsmən başlamağa imkan verir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Les Echos" qəzeti məlumat yayıb.

Məlumata görə, məktubda Hindistan tərəfi "Vicrant" və "Vikramaditya" təyyarədaşıyıcıları üçün nəzərdə tutulan təyyarənin xüsusiyyətlərini aydınlaşdırır. 

İyulun 13-də Hindistan Müdafiə Nazirliyi müqavilələrin imzalanmasını təsdiqləyib, lakin onların dəyəri hələ də məlum deyil. Media təqribən 5-6 milyard avro dəyərində təxminlər səsləndirib. Fransa Silahlar üzrə Baş İdarəsi təyyarələrin, silahların, simulyatorların, ehtiyat hissələrinin və texniki xidmətin dəqiq sayını dəqiqləşdirəcək yekun təklif hazırlamalı olacaq. Razılaşmanın təfərrüatlarını müzakirə etmək üçün Fransanın "Dassault Aviation" şirkətinin rəhbəri Erik Trappierin oktyabrın əvvəlində Yeni Dehliyə, Hindistanın müdafiə naziri Racnath Singh isə oktyabrın 12-də Parisə səfər etdiyi dəqiqləşib.

Nəşrin məlumatına görə, Hindistan artıq alınmış "36 Rafale" qırıcısını öz silahlarına uyğunlaşdırmaq üçün Fransa ilə də danışıqlar aparmağı planlaşdırır. Bunlar 100 km-ə qədər məsafədə yer hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş "Astra" və "SAAW" hava-yer raketləridir.