Çin dünyanın əlverişsiz bölgələrində xarici layihələrin təhlükəsizliyini təmin etmək üçün tədricən öz şəxsi hərbi şirkətlərini (PMCs) inkişaf etdirmək niyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Honq Konq qəzeti "South China Morning Post" məlumat yayıb.

Məlumata görə, Ukrayna böhranı və Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi Çin investorlarının xarici ölkələrdə işləyərkən üzləşə biləcəyi riskləri artırıb. Çin-Afrika İş Şurasının və Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə Pekində keçirilən seminarda Çin vətəndaşlarının və müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi mövzusu müzakirə edilib.

Tədbirdə Çinin ən böyük təhlükəsizlik şirkətləri "Huaxin Zhongan Group", Şanxayda siyahıya alınmış "Anbang Save-Guard Group" və Honq Konqda siyahıya alınmış Sərhəd Xidmətləri Qrupunun bölməsi olan "DeWe Security" iştirak edib. Bundan əlavə, tədbirdə bu sektorun digər şirkətlərinin nümayəndələri və Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmiləri iştirak ediblər.

Qəzet qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində Çin kapitallı 47 minə yaxın şirkət fəaliyyət göstərir. Onlar əsasən enerji, mədənçıxarma, infrastruktur və istehsal sektorlarındakı layihələrdə iştirak edirlər. Çin Xalq Respublikası Ticarət Nazirliyinin 2022-ci il üzrə hesabatına əsasən, onların ümumi işçi heyəti 4,1 milyon nəfərdir ki, onlardan 2,5 milyonu xarici vətəndaşlardır.

Çinin ən böyük özəl təhlükəsizlik şirkətlərindən biri olan "Frontier Services Group"un baş icraçı direktoru Li Tsiopenq qəzetə deyib: "Qərbi Asiya, Afrika və Latın Amerikası kimi regionlarda davamlı, ənənəvi təhlükəsizlik problemləri var. Lakin həll edilməli olan bir çox yeni problemlər yaranıb, o cümlədən Ukraynadakı müharibə və İsrail-Fələstin münaqişəsi riskləri artırıb. Biz artıq Çin vətəndaşlarının təxliyəsi ilə bağlı yardım üçün müraciətlər almışıq".