Fermerlər elektron kənd təsərrüfatı sistemindən istifadə edərək subsidiya əldə edə biləcəklər. Bu barədə jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib. Onun sözlərinə görə, subsidiya informasiya sisteminin yaradılması nəzərdə tutulur. Artıq çoxlu sayda fermerin sistemdə qeydiyyatdan keçdiyi də qeyd olunur. Əsas dəyişiklik isə subsidiyaların verilməsi səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyindən Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməsidir.

Yeni yaradılacaq subsidiya informasiya sisteminin funksiyaları barədə kənd təsərrüatı üzrə ekspert Cəfər İbrahimli İqtisadiyyat.Az-a ətraflı məlumat verib. Ekspert bildirib ki, yeni mexanizmin ən önəmli cəhəti fermerin subsidiya üçün müxtəlif “qapıları döyməsi”nin qarşısının alınmasıdır.

“Azərbaycanda illərdir kənd təsərrüfatının müxtəlif sahələrinə subsidiyalar verilir. Bu subsidiyaların verilməsində ayrı-ayrı sahələrə görə fərqliliklər var. Məsələn,  ilin sonunda arpa, buğda və yonca üçün hektara görə, pambığa məhsuldarlığa görə subsidiya verilir. Əvvəl fermer gübrədən subsidiya vasitəsilə istifadə etmək və ya torpaqdan nağd subsidiya almaq üçün bir neçə fərqli qurumlara fərqli sənədlərlə müraciət etməli olurdu. Fermer toprağın sənədi, şəxsiyyət vəsiqəsi, əkin ərazisi barədə məlumat sənədləri ilə gübrə almaq üçün aqrolizinqə, region kənd təsərrüfatı idarələrinə müraciət edirdi. Damazlıq heyvana 100 manat subsidiya almaq üçün baytarlıq üzərindən müraciət olunurdu. Yeni yaranacaq sistemdə isə fermer torpağı, heyvandarlığı və.s digər məlumatları sistemdə yerləşdirir. Sistem üzərindən avtomatik olaraq yaratdığı dəyərə, əkin əraziləri üçün hektara yaxud məhsuldarlığa görə, şura tərəfindən müəyyənləşdirilən əmsallar, kvotalar əsasında subsidiyalar hesablanıb vətəndaşın hesabına köçürüləcək. Burada ən önəmli budur ki, vətəndaş subsidiya almaq üçün bir neçə yerə üz tutmur. Fermer yerləşdirdiyi məlumatlarda sonradan hər hansı dəyişiklik olacaqsa, onu yeniləyib təsdiqləyəcək”.

Cəfər İbrahimli verdiyi açıqlamada, yeni mexanizmin məhsuldarlığı və ixracı artıracağını, bazarda qiymət artımının qarşsını alacağını bildirib: “Regionlar üzrə əmsalların müəyyənləşməsi və məhsuldarlığa görə yanaşmanın gətirilməsi tələb edəcək ki, fermerlər daha məhsuldar bitkilərin becərilməsinə üstünlük versinlər. Bu məsələlər ölkədə məhsuldarlığın artmasına gətirib çıxara bilər ki, bu həm daxili bazarın tələbatına, həm də ixracyönümlü məhsulların çoxalmasına səbəb olacaq. Yeni tətbiq olunacaq mexanizmlə fermerlər, daha məhsuldar, bazarın tələbinə cavab verəcək məhsullar əkib-becərəcək. Çox vaxt əkilən məhsullar bazarda bol olduğu üçün satış çətinliyi olur. Növbəti ildə əkilmir deyə bazarda qiymətlər artır. Böyük ehtimalla əmsal və kvotalarla dövriyyədə olan əkin ərazilərinə nəzarət ediləcək. Fermer də bilgi əldə edərək bazarın tələbinə uyğun məhsullar əkib-becərəcək”.

 

Mehman Nəbiyev