KATV1 kabel televiziyası operatorunun sahibi kimi tanınan “AG Telekom” MMC növbəti dəfə valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib.

İqtisadiyyat.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən şirkətə cərimə kəsilməsi ilə bağlı qərar qəbul olunub.

Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Qeyd edək ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki,  KATV1 (“AG Telekom” MMC) 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 040 manat olan şirkətin qanuni təmsilçisi Samir Qurbanovdur. Şirkət Azərbaycan ərazisində fəaliyyət göstərən rəqəmsal xidmət təminatçılarından biridir.

Onu da bildirək ki, “AG Telekom” MMC barəsində daha əvvəl eyni və digər inzibati xətalara görə protokol tərtib edilərək məhkəməlik olmuşdur.