Rusiya kənd təsərrüfatı məhsullarının ixracı üçün ödənişlərin bir hissəsini emal edən Amerika bankı JPMorgan öz təşəbbüsü ilə Rosselxozbank ilə münasibətlərini dayandırıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Bürosunun rəhbəri Ceyms O'Brayen qərarın ABŞ prezidenti Co Bayden administrasiyasının istəklərinə zidd olaraq qəbul edildiyini qeyd edib.

"Bu, JPMorgan-ın qərarı idi və əslində biz Rusiya tərəfinə aydınlaşdırdıq ki, əgər onlar sövdələşməyə qayıdacaqlarına dair əlamətlər göstərə bilsələr, bu ödəniş sistemini davam etdirmək daha asan olacaq", - deyə O'Brayen bildirib.

Adı açıqlanmayan mənbənin sözlərinə görə, JPMorgan əvvəlcə ABŞ hökumətinin tələbi ilə bu ödəniş əməliyyatlarını həyata keçirməyə razılıq verib. Ceyms O'Brayen aydınlaşdırıb ki, administrasiya bankın müxbir münasibətlərini kəsmək istəyini təşviq etməyib.