"İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzi yarandığı gündən əsas məqsədi əmək bazarını bacarıqlı, bilikli kadrlarla təmin etməkdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində keçirilən "Məzun günü"ndə Mərkəzin direktoru Kənan Bağırov deyib.

O bildirib ki, Mərkəzdə müxtəlif sahələr üzrə kadr hazırlıqları həyata keçirilir: "Bilirsiniz ki, ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşkil ediləcək və sentyabr ayı ərzindən biz Azərbaycanda ilk dəfə alternativ enerji sahəsi üzrə mütəxəssislərin hazırlanması istiqamətində fəaliyyətə başlayırıq. Bizim hərəsi 20 nəfərdən ibarət olmaqla iki qrup üzrə qəbul təsdiqlənib. Bu ənənə ölkəmizin alternativ enerji sahəsinin inkişafına öz müsbət təsirini göstərəcək, peşəkar kadrlarla dövlətin bu istiqamətdə siyasətininin formalaşmasına dəstək vermiş olacağıq". 

Direktor həmçinin vurğulayıb ki, 2024-2025-ci tədris ili üçün İZİA-nın Peşə Təhsil Mərkəzi ilk dəfə olaraq tələbə sayını iki dəfə artırmaqla 600 yeni tələbə qəbulu elan edir: "Düşünürəm ki, bizim yeni qəbul sayımız məhz sənaye komplekslərində mövcud rezidentlərin istehsal müəssisələri, eləcə də Azərbaycan iqtisadiyyatı üçün müsbət təsirlərini göstərəcək".

Sadiq Cavadov