“Anım Günü bizi hər zaman qələbə ruhunda ayaqda tuta biləcək bir gündür”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O vurğulayıb ki, Anım Günü tariximizin bir dönüş nöqtəsidir: “Ona görə ki, 27 sentyabrda biz Qarabağın işğaldan azad olunma prosesinə başladıq və bu da bizim qələbəmizi təmin etdi, 44 günlük savaşdan sonra  qalib gəldik. Bu gün tarixdə ciddi hərəkətə gəldiyimiz bir gündür - qərarlılıq günümüzdür”.

Deputat söyləyib ki, məhz buna görə də Prezident İlham Əliyev ordumuzun ilk şəhid verdiyi bu günü xüsusi bir dəyər olaraq cəmiyyətə təqdim etdi: “27 sentyabrı əbədiləşdirmək və millətin yaddaşında həmişə uca tutmaq üçün bunu rəsmi bir gün kimi xüsusi bir qərarla, Sərəncamla tanıtmağa üstünlük verdi. Bu, olduqca vacib və doğru bir qərar idi. İndi də Azərbaycan xalqının məhz bu günü daha yüksək səviyyəli bir tarixi hadisə kimi dəyərləndirməsi, şəhidləri anması, Hərbi Qənimətlər Parkına baş çəkməsi və orada uğurlarımızın əsas maddi görüntüsünü bir daha xatırlaması üçün addımlar atmaqdayıq. Gələcəkdə də Azərbaycan xalqı bir daha məğlubiyyət acısı yaşamamaq barədə düşünməlidir. Biz səhvlərimizi də təftiş etməliyik və elə etməliyik ki, hansısa bir tarixin məqamında səhvlərə yol vermədən uğur qazanmağı bacaraq”.

 

Sadiq Cavadov