İsrailin Efiopiyada ordu ilə yerli silahlılar arasında qarşıdurmaların yaşandığı bölgələrdən 200 vətəndaşını təxliyyə etdiyi və paytaxt Əddis-Əbəbəyə köçürdüyü bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Təşkilatı (KAN) məlumat yayıb.

Məlumata görə, İsrail hökumət idarəsinin təşkil etdiyi əməliyyatda Efiopiyanın şimalındakı münaqişə bölgələrindən israillilərin 4 təyyarə ilə paytaxta gətirildiyi bildirilib. 

Efiopiyadakı Yəhudi Agentliyinin ofisi İsrailin Əddis-Əbəbədəki səfirliyi ilə əməkdaşlıq çərçivəsində paytaxta gətirilən israilliləri qarşılayıb. Lazımi prosedurlar həyata keçirildikdən sonra onları ölkəyə köçürəcəklərini, ancaq həmin zamana qədər vətəndaşların qayğısına qalacaqlarını qeyd edib.

Qeyd edək ki, Efiopiyada federal hökumət 2022-ci ilin noyabrında Tigray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə sülh müqaviləsi imzalayıb və bölgədəki bütün təşkilatları tərksilah etməyə başlayıb. Lakin federal hökumətin göstərişlərinə əməl etməyən və “Fano” adını daşıyan milislər silahı yerə qoymaqdan imtina edərək ordu ilə toqquşublar.

Federal hökumət avqustun 4-də Amhara bölgəsində ordu ilə yerli milislər arasında toqquşmaların artması fonunda fövqəladə vəziyyət elan edib.