Dövlətin aqrar sahəyə ayırdığı diqqət və fermerlərə göstərdiyi qayğı dolanışığını torpaqdan təmin edən insanların bu sahədə fəaliyyətlərini davam etdirmələrinə stimul verir. Sirr deyil ki, kənd təsərrüfatı sahəsi regionlarımızda yaşayan insanların sosial rifahında böyük rol oynamaqla yanaşı, həm də ölkə iqtisadiyyatında əsas paylardan birinə sahibdir.

“Qafqazinfo” əməkdaşlarının bölgələrə səfəri zamanı növbəti dayanacaqları Ağdam rayonu oldu.

Əkinçiliyin inkişaf etməkdə olduğu rayon ərazisində son illər soğan məhsulunun daha çox yetişdirildiyi nəzərə çarpır. Bu da soğanın məhsuldarlığının və satışının fermerləri qane etdiyini deməyə əsas verir. Hər il bir öncəki ildən daha çox məhsul əldə etmək fermerləri soğan əkininə davam etməyə həvəsləndirir. Ailəsinin dolanışığını soğan istehsalından təmin edən fermerlərdən biri Ağdam rayon Kəngərli kənd sakini İxtiyar Rüstəmovdur. 10 hektar ərazidə yazlıq soğan yetişdirən fermerin məhsulu kisələrə yığılıb və satışa hazır vəziyyətdədir: “Yazlıq soğanı dərmişik, qışlıq soğanı isə avqustda dərməyə başlayacağıq. Hal-hazırda bir hektardan 30 ton məhsul əldə etmişik”.

Bir kisədə 32-35 kq məhsul olduğunu qeyd edən fermer qiymətlərin ötən illə müqayisədə daha sərfəli olduğunu da vurğulayır: “Ötən il həmin çəkidə olan kisəni 2.80-3 manata satırdıqsa, bu il bir kisənin qiyməti 6-7 manat arasında dəyişir”.

Paytaxtın bazar və böyük satış mərkəzlərində soğanın qiymətini fermerə söylədikdə isə qiymətlərdən xəbərdar olduğunu deyir: “Bakıda qiymətlərin baha olmasının ən əsas səbəbi odur ki, mən məhsulun böyük hissəsini alverçilərə satıram. Onlar da aparıb Bakıdakı alverçilərə satırlar. Hər alverçi məhsulun qiymətini artıra-artıra gedir. Amma mənim bazarlara məhsul çıxarmaq imkanım olsa, qiymətlər də münasib olar. Soğanın ucuz olması üçün böyük satış mərkəzləri, marketlər məhsulu birbaşa məndən almalıdırlar. Hətta elə olur ki, arada olan alverçilər mənim özümdən daha çox qazanırlar. Alıcı qiymətlərdən narazı qalanda isə biz fermerləri günahlandırır”.

Söhbət əsnasında həmsöhbətimiz builki məhsuldarlıqdan razı qaldığını və növbəti il əkin sahəsini genişləndirəcəyini də qeyd etdi: “Builki məhsuldarlıqdan razıyam. Açığı dövlətin dəstəyi olmasa bu səviyyədə məhsul yetişdirmək çətin başa gələr. Həm maddi, həm mənəvi baxımdan dəstəyə ehtiyacımız var. Minnətdarıq ki, o dəstək də göstərilir. Bu gün fermerlərə güzəştli kreditlər verilir, torpaq vergisini çıxsaq digər vergilərin hamısından azadıq. Bu güzəştlər şərait yaradır ki, hər il məhsuldarlığımızı artıraq”

Müsahibənin videosunu təqdim edirik: