"İraqın İslam Müqaviməti" hərəkatı Ərbil beynəlxalq hava limanının (İraqın şimalında muxtar bölgə olan İraq Kürdüstanının inzibati mərkəzi - red.) ərazisində yerləşən ABŞ hərbi bazasına zərbə endirib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında məlumat yayılıb.

Məlumata görə, hücum pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Hərəkat öz hərəkətlərini "İraqda və regionda Amerika işğalçı qüvvələrinə qarşı çıxmaq" və həmçinin "İsrailin Qəzzada Fələstin xalqına qarşı törətdiyi cinayətlərə cavab vermək" istəyi ilə izah edib.

Bundan əvvəl silahlı birləşmə "Telegram" kanalında yaydığı bəyanatda ABŞ-yə xəbərdarlıq edib ki, onlar Suriya və İraqda silahlı əməliyyatların sayını artıracaqlar: "Çünki Amerika İsrail ordusuna hərbi yardım göstərməkdə davam edir. Nəticədə Qəzza zolağında və Cənubi Livanda dinc sakinlər ölür".