Son vaxtlar Azərbaycanda elektron ticarət bazarının dövriyyəsinin artdığı bildirilir. Bu barədə mövzunu gündəmə gətirən elektron ticarət üzrə mütəxəssis Nicat Manafov İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda elektron ticarət dövriyəsi 40% artıb və sifarişlər əsasən xarici saytlar, xüsusilə Türkiyə saytlarından edilir: “2022-ci ildə təxminən 2.4 milyon Azərbaycan vətəndaşı internet üzərindən alış-veriş edib. Bu, əvvəlki illərlə nisbətdə 40% artım deməkdir. Azərbaycanlılar daha çox türk saytlarına müraciət edir. Nəhəng türk elektron platformaları arasında isə daha çox “Trendyol”dan sifarişlər edilir”.

N.Manafov deyir ki, bu sahəyə marağın artmasına səbəb xarici saytlarda qiymətlərin daha ucuz olmasıdır. Ekspert yerli elektron ticarət sahəsindəki vəziyyətdən də söz açıb: “Daxildə olan elektron ticarət bazarı olduğu kimi qalıb. Dövriyədə ciddi artımın olduğunu qeyd edə bilmərik. ümumilikdə bu sahədə nisbi artım görmək mümkündür. Bunun da əsas səbəbi məhsul müxtəlifliyinin az olması və eyni məhsulun qiymətinin xarici saytlarla müqayisədə yerli saytlarda dəfələrlə yüksək olmasıdır. Yeri gəlmişkən, məhsulun ünvana çatdırılmasında da müəyyən problemlər qalmaqdadır. Xarici saytlar iki-üç gün ərzində sifarişi çatdırır. Bütün bu və digər səbəblər vətəndaşları xarici saytlara yönləndirir”.

Mütəxəssisin fikrincə yaxın gələcəkdə satışların təxminən 50 faizi elektron ticarətin payına düşəcək: “Qonşu Türkiyədən görə bilirik ki, pərakəndə ticarətin 24%-i elektron ticarət vasitəsi ilə edilir. Azərbaycanda bu göstərici çox aşağı olsa belə, dünya bazarında elektron ticarətə olan marağın artması tendensiyasına əsasən deyə bilərik ki, yaxın 5-10 il ərzində satışların təxminən 50%-i elektron ticarətin payına düşəcək”.

Mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli son iki ildə e-ticarətə olan marağın artmasını pandemiya qadağalarının yaratdığı şəraitlə əlaqələndirib: “Bütün mağazaların uzun müddət işləməməsi insanlara alternativ yol qoymadı. Hətta bu sahəyə çox da meyl etməyən insanlar da məcbur qalıb onlayn alış-verişə keçdilər. Son illərdə karqo şirkətləri arasında rəqabət, xidmətin keyfiyyətinin yaxşılaşdırılması və məhsullardakı qiymət fərqi də insanları elektron ticarətə yönəldən amillərdəndir”. X.Kərimli ticarətin bu sahəsinə tələbatın artmasına baxmayaraq, ümumi vəziyyətin qabaqcıl inkişaf etmədiyini düşünür: “Bu sahə bizdə hələ ki, inkişaf etməkdə olan bir sektordur. Tədricən nəğdsiz hesablaşmalar artdıqca, elektron ticarət də inkişaf edəcək. Ticarətin bu növündə inkişafın olması rəqabəti intensivləşdirir ki, bu da sahibkarlar üçün əlavə rəqabət və əlavə xərc çətinlikləri deməkdir”.