İmişlidə cari ildə 7011,9 hektar sahədə pambıq əkilib.

İqtisadiyyat.az xəbər verir ki, rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qulluq göstərildiyindən tarlalarda məhsul boldur. Artıq rayonda kütləvi pambıq yığımına başlanılıb. Məhsul yığımı həm əl, həm də maşınlarla aparılır.

Yığıma mütəşəkkil başlayan pambıqçılar qısa müddətdə tarlalardan artıq 5000 tona yaxın məhsul toplayıblar.

Hazırda yığım prosesi davam edir. Yığım prosesində 28 ədəd pambıqyığan kombayndan istifadə olunur. Defoliasiya (yarpaq tökən) işləri bu günə qədər 70-80 % həyata keçirilib. Əsas məqsədimiz yetişdirilən bol məhsulu tez və itkisiz yığıb pambıq qəbulu və tədarükü məntəqələrinə təhvil verməkdir.

Xatırladaq ki, 2022-ci ildə tədarük məntəqələrinə təhvil verilən xam pambığın hər növü üzrə alış qiyməti tona 50 manat, dövlət tərəfindən verilən məhsul subsidiyası isə tona 70 manat artırılıb, bu da fermerlərin pambıqçılığa olan marağını daha da yüksəldib.