"Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları və hüquqları, o cümlədən təhsil, mədəniyyət, din və bələdiyyə haqları ilə onlar Azərbaycan cəmiyyətinin bir parçası olaraq normal həyat tərzi keçirəcək və manipulyasiya girovu olmaqdan qurtulacaqlar".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.

"Bu sualı həyatımda ilk dəfə aldığım üçün heç düşünməmişəm. Ermənistandakı ermənilərə mesaj veririk ki, biz onların dövləti ilə barış şəraitində olmaq istəyirik. Onlara başqa bir mesajımız da odur ki, açıq-aydın geosiyasi vəziyyətin və güclər nisbətinin fərqində olsunlar. Ermənistan liderləri öz xalqını ən güclü orduya sahib olduqlarına, müharibə başlasa Bakıya gələcəklərinə inandırırdılar. Müharibə bu ritorikanı məhv etdi. Biz yeni müharibə istəmirik. Nə bu gün, nə də gələcəkdə. Qarabağ erməniləri öz "qondarma liderinin" arxasınca getməməlidirlər. Bu liderlər daim onlara yalan danışırdılar. Ona görə də Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları və hüquqları, o cümlədən təhsil, mədəniyyət, din və bələdiyyə haqları ilə onlar Azərbaycan cəmiyyətinin bir parçası olaraq normal həyat tərzi keçirəcək və manipulyasiya girovu olmaqdan qurtulacaqlar. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, məni dinləsələr, başa düşərlər. Dediklərimdə ciddi olduğumu bilirlər".