Ayın səthinə enən Hindistanın “Çandrayan-3” peyki Ayın cənub qütbündə torpaqda kükürdün olması barədə məlumat ötürüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.

ISRO-nun məlumatında deyilir: "Ay missiyası burada aparılan ilk tədqiqatlarda cənub qütbünə yaxın Ay səthində kükürdün (S) olduğunu birmənalı şəkildə təsdiqləyir".

Kosmik agentlik bildirir ki, hind alimlərinin gözlədiyi kimi, Al (alüminium), Ca (kalsium), Fe (dəmir), Cr (xrom), Ti (titan), Mn (manqan), Si (silikon) və O (oksigen) elementlərinə aid izlər də aşkar edilib. 

ISRO qeyd edib: "Hidrogen (H) axtarışı davam edir".

Missiya ən azı bir Ay günü (14 Yer günü) işləyəcək. Hindistanlı alimlərin fikrincə, Ayın cənub qütbünün yaxınlığında qaya çöküntüləri aşkar edilib ki, bu da Ayın əmələ gəlməsi haqqında çox şey deyə bilər. Bundan əlavə, ekspedisiya Ayın peykində su axtarışlarını davam etdirir. Artıq əldə edilən məlumatlar bəzi kraterlərdə donmuş suyun olduğunu göstərir. Buz aşkar edilərsə, alimlər günəş sistemindəki suyun tarixini təhlil etmək və daha yaxşı anlamaq üçün unikal imkan əldə edəcəklər.

Qeyd edək ki, avqustun 23-də Hindistanın “Çandrayan-3” missiyasının eniş modulu Ayın peykinin cənub qütbünün yaxınlığında uğurla eniş edib. Hindistan SSRİ, ABŞ və Çindən sonra Aya yumşaq eniş həyata keçirə bilən dördüncü ölkə olub. Hindistan həmçinin Ayın cənub qütbünə yumşaq eniş edən ilk ölkə kimi tarixə düşüb.