"Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 şəxsin 3407 ailə üzvündən 10 815 bioloji nümunə götürülüb".

İqtisadiyyat.az xəbər verir ki, bunu "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Azərbaycanın Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən azı 98 şəxsə aid meyit qalıqları aşkar edilib:

"Ermənistan indiyə qədər 3890 nəfər itkindən sadəcə 120 şəxsin meyit qalıqlarını Azərbaycana təhvil verib. Ötən dövr ərzində ANAMA, FHN, BQXK və digər qurumların iştirakı ilə aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 508 şəxsə aid meyit qalıqları götürülüb. 44 günlük Vətən müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Hərbi Prokurorluğun birgə fəaliyyəti nəticəsində əsir və girovgötürmə, işgəncə kimi hallarla əlaqədar çoxsaylı cinayət işləri açılıb. Respublikanın şəhər və rayonlarında kimliyi müəyyən edilmədən basdırılmış 183 nəfərə aid meyit qalığı aşkar edilib".

Gülşən Şərif