Bir neçə ildir ki, Azərbaycanda quraqlıq daha uzunmüddətli dövrü əhatə edir. Eyni zamanda, tranzit çaylarda sululuq və axın əhəmiyyətli dərəcədə azalıb. Bu həm təbii faktorlarla, həm temperaturun artması ilə yağıntıların paylanmasında qeyri-bərabərliyin olması və digər amillərlə bağlıdır. Su ehtiyatlarının azalması ilə əlaqədar olaraq bu sektor iqlim dəyişmələrini nəzərə almaqla öz inkişaf planlarını qursa, bu, itkilərin azalmasına xidmət edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

U.Tağıyevanın sözlərinə görə, hazırda Azərbaycanda iqlim dəyişmələri ilə bağlı su qıtlığı mühüm problemlərdən biridir. Baxmayaraq ki, bu il ötən illərlə müqayisədə rekord sel-daşqın hadisələri qeydə alınıb - çaylar 147 dəfə öz məcrasından çıxıb. Bu, keçən ilin rekordunu üç dəfə üstələsə də, çox maraqlı proseslər baş verdi. Yağıntılar lokal ərazini əhatə edirdi. Bəzi hallarda bir rayonda sutka ərazində üç aylıq norma qədər yağıntı düşdüyü halda, qonşu rayonda bütün yay dövründə norma ilə müqayisədə cəmi 18 faiz yağıntı qeydə alındı. Yağıntıların bu cür qeyri-bərabər paylanması su ehtiyatlarından daha səmərəli istifadə edilməsi üçün tədbirlər işlənib hazırlanmasını ön plana çıxardı. Bu baxımdan müvafiq qurumların mütəxəssislərinin cəlb olunması ilə ölkədə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı yaradılan komissiya tərəfindən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planında nəzərdə tutulan işlər icra olunmaqdadır.