Bu axşam BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar keçirilən iclasında Qarabağdakı vəziyyət müzakirə olunub. 

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən olan Qabonun nümayəndəsi “böhran”ın artmasından narahatlığını ifadə edərək, humanitar yardımların ən qısa zamanda bölgəyə çatdırılmasıntərəfdarı olduğunu dilə gətirib. 

Braziliyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi bildirib ki, iyun ayından etibarən “blokada”nın sərtləşdirilməsi ilə bağlı xəbərlər xüsusi narahatlıq doğurur: “Bu səbəbdən fundamental humanitar hüquqları nəzərə almaq və yüklərin "Dağlıq Qarabağ"a maneəsiz çatdırılmasını təmin etmək lazımdır. Həmçinin alternativ dəstəkləyici marşrut ola biləcək Ağdam yolundan da istifadə etmək lazımdır ki, rayon əhalisinin tələbatı tam ödəsin. Braziliya Ağdam-Xankəndi yolundan istifadə məsələsini nəzərdən keçirməyə çağırır”. 

Fransanın BMT-dəki daimi nümayəndəsi Azərbaycanın "Dağlıq Qarabağ"ı Ermənistanla birləşdirən dəhlizi tamamilə bağladığını bildirərək bu “karantin”in heç bir qanuni səbəb olmadan "Dağlıq Qarabağ" əhalisini dünyadan təcrid etdiyini dilə gətirib: “Fransa “humanitar” yardımın qarşısının alınmasını pisləyir və Azərbaycanı qeyd-şərtsiz və dərhal hər iki istiqamətdə maneəsiz hərəkəti bərpa etməyə çağırır”. 

Yaponiya təmsilçisi tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırmaqla kifayətlənib.

Qana nümayəndəsi regionda sabitliyin bərqərar olması üçün BMT-nin rolunu genişləndirməyə çağırıb və tərəfləri münaqişənin həlli üçün dinc yollar tapmağa çağırıb.

Albaniya Bakı və İrəvanın danışıqlara sadiqliyini təqdir edib və Zəngəzur dəhlizi istiqamətində dəmir yolunun çəkilməsinin vacibliyini qeyd edib: “Laçın dəhlizi vacibdir, lakin humanitar yardımın çatdırılması üçün alternativ yolları, məsələn, Ağdamdan Xankəndiyə gedən yolu nəzərdən keçirmək də vacibdir. Əminik ki, tərəflər arasında dialoq mövcud məsələlərin həlli üçün əsas ola bilər. Hesab edirik ki, Ağdama qədər təklif olunan yol mülki əhalinin ehtiyaclarını ödəyə bilər”. 

Çin Laçın dəhlizi ilə bağlı mübahisəni diplomatiya yolu ilə həll etməyə çağırıb.

Malta rəsmisi də “blokada”dan bəhs edib: “Biz “Dağlıq Qarabağ”da davam edən blokadaya dərhal son qoymağa çağırırıq”. 

İsveçrənin BMT-dəki daimi nümayəndəsi də sözügedən ərazidəki vəziyyətdən son dərəcə narahat olduqlarını dilə gətirib: “Biz tərəfləri öhdəliklərinə sadiq qalmağa çağırırıq”. 

Ekvador təmsilçisi tərəfləri Laçın dəhlizinin açılması ilə bağlı 2023-cü ilin fevral və iyun qərarları da daxil olmaqla, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırıb.

Birləşmiş Ərəb Əmirliklərinin BMT-dəki daimi nümayəndəsi tərəfləri konstruktiv işləməyə və sülhün bərqərar olması üçün möhkəm əsaslar yaratmağa çağırıb.

Mozambikin BMT-dəki nümayəndəsi tərəfləri problemlərin diplomatik kanallar vasitəsilə müzakirəsinə və münaqişənin son həllini bu istiqamətdə təmin etməyə çağırıb. 

Böyük Britaniya təmsilçisi bildirib ki, onlar Laçın dəhlizi boyunca çatdırılmalarda fasilələrin olmasından narahatdırlar.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Azərbaycan və Ermənistan Rusiyaya dost ölkələrdir. Rusiya iki dövlətin sülh üçün bütün platformalardan istifadəsini dəstəkləyir və sülh üçün səylərini davam etdirir: “Biz Ağdam-Xankəndi yolundan istifadə məsələsinə baxmağa çağırırıq”.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Azərbaycanı Laçın dəhlizi boyunca hərəkəti bərpa etməyə çağırıb.

Türkiyə nümayəndəsi Ermənistanın BMT Təhlükəsizlik Şurasından Bakıya qarşı əsassız ittihamlar irəli sürmək cəhdindən narahatlığını dilə gətirib: "Türkiyə Azərbaycanın öz suveren ərazisində istədiyi hər şeyi etmək hüququna malik olduğunu bəyan edir, separatçıların Bakı ilə danışıqlar aparmadığını bildirir".

Avropa İttifaqının BMT-dəki nümayəndəsi Azərbaycanın Ağdam şəhəri vasitəsilə humanitar yüklərin daşınmasına hazır olduğunu qeyd edib.

Daha sonra çıxış üçün söz alan Ermənistanın Xarici İşlər naziri ənənəvi olaraq Qarabağdakı separatçıların mövqeyini dəstəkləyən bəyanat verib. O, Azərbaycanın guya Qarabağdakı erməniləri blokadada saxladığına və Xankəndidə humanitar vəziyyətin pisləşdiyinə dair dair ənənəvi yalanlarını təkrar dilə gətirib. 

İclasda son çıxış üçün söz alan Azərbaycanın BMT-dəki nümayəndəsi ermənilərin yalanlarını faktlarla ifşa edərək Azərbaycanın haqlı mövqeyini bir daha müdafiə edib: "Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və orada yaşayan etnik ermənilər Azərbaycanın sakinləri hesab olunur. Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir".

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasının “Qarabağdakı humanitar vəziyyət”lə bağlı 2 saata yaxın davam edən iclası başa çatıb. Heç bir qətnamə qəbul edilməyib.