"Gürcüstan hökuməti respublikanın icmaya daxil olması ilə bağlı danışıqlara başlamaq üçün Avropa İttifaqının (Aİ) doqquz tövsiyəsini yerinə yetirmək məqsədilə 2024-cü il ərzində həyata keçiriləcək tədbirlərin siyahısını dərc edib". 

İqtisadiyyat.az xəbər verir ki, müvafiq məlumat Gürcüstan Nazirlər Kabinetinin saytında dərc olunub.

Doqquz tövsiyənin həyata keçirilməsində hökumətin iki qolu - icra və qanunvericilik orqanları məsul qurumlar kimi müəyyən edilib. Hakimiyyət orqanları ilk növbədə Avropa İttifaqına və onun dəyərlərinə qarşı yönəlmiş dezinformasiya və xarici informasiya manipulyasiyası ilə mübarizə məsələsi üzərində işə başlayacaq. Buna nail olmaq üçün hökumət Aİ və onun dəyərləri haqqında məlumat kampaniyasına start verəcək.

2024-cü il ərzində Gürcüstan hökuməti respublikanın xarici siyasətinin Aİ-nin ümumi siyasəti ilə uzlaşma tempini yaxşılaşdırmağa çalışacaq. Qeyd edilib ki, Gürcüstanın xarici siyasəti artıq Avropa İttifaqının xarici siyasətinə 50% yaxınlaşıb.

2024-cü ildə hakimiyyət siyasi qütbləşməni azaltmaq üçün işi davam etdirməyə çalışacaq. Bu məqsədlə bütün tərəflər respublikanın Avropaya inteqrasiyası məsələləri üzərində işləməyə dəvət olunacaqlar. Bu tövsiyənin icrasına Gürcüstan parlamentinin sədrinin ofisi cavabdeh olacaq. 2024-cü ilin oktyabrında hakimiyyət ədalətli və şəffaf parlament seçkiləri keçirəcəyini vəd edir ki, bu da Aİ-nin tövsiyələrindən biridir.

2024-cü ilin fevral ayından etibarən Parlament qanunverici orqan qarşısında departamentlərin hesabatlılığını yaxşılaşdırmaq üçün işə başlayacaq. 2024-cü ilin yanvarından Gürcüstan parlamentində məhkəmə sistemində islahatlar, antikorrupsiya bürosu, xüsusi istintaq xidməti və şəxsi məlumatların mühafizəsi xidməti üzrə işçi qruplar yaradılacaq. 2024-cü ildə deoliqarxizasiya, insan hüquqlarının müdafiəsi strategiyasının təsdiqi və həyata keçirilməsi məsələləri üzrə işlər davam etdiriləcək.

Avropa Şurasının rəhbəri Şarl Mişel dekabrın 14-də bəyan edib ki, icma ölkələri Ukrayna və Moldova ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarına gəliblər.