Bakıda yerləşən "Günaydın" restoranında şəhid anaları üçün iftar süfrəsi verilib.

İqtisadiyyat.az bildirir ki, iftar süfrəsi "Günaydın" restoranlar şəbəkəsinin sahibi Cüneyt Hasan və azərbaycanlı iş xanımı Arzu Fərəcova tərəfindən təşkil edilib. İftar süfrəsində şəhidlərimizin anaları, ailə üzvləri iştirak ediblər.

Saytımıza danışan türk iş adamı, restoranın rəhbəri Cüneyt Hasan qeyd etdi ki, onlar şəhid analarını bir an belə unutmurlar:

"Bu gün şəhid analarını restoranımızda qonaq edirik, onlar üçün iftar süfrəsi təşkil etmişik. Onlar sadəcə şəhid anaları deyil, eyni zamanda cənnətin uşaqlarının analarıdırlar. Ona görə də çox dəyərlidirlər. Bir vətənin vətən olması üçün ona can vermək lazımdır. Bu canı da buradakı qadınların övladları veriblər. Onları bir günlük də olsa sevindirə biliriksə, nə xoş bizə. Onlar bizim üçün müqəddəsdir".

Azərbaycanlı iş xanımı Arzu Fərəcova saytımıza açıqlamasında bildirdi ki, daim şəhid ailələrinin yanında olmağa, onlara dəstək olmağa çalışır:

"Çox təşəkkür edirəm Bülent bəyə. Ondan belə bir təklif gəldi şəhid anaları üçün. Mən də sevə-sevə qəbul etdim. Şəhid anaları sağolsunlar ki, dəvətimizi qəbul edib gəldilər".