Noyabrın 2-də Gədəbəy rayonunda idarə etdiyi avtomobili aşırması nəticəsində xəsarət alan sürücü xəstəxanada ölüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Gədəbəy-Şınıx avtomobil yolunun Novosaratovka kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Qaradağ kənd sakini 1993-cü il təvəllüdlü Abdullalı Hafiz Eldar oğlu Gədəbəy-Şınıx avtomobil yolu ilə Novosaratovka kəndi ərazisində hərəkətdə olarkən idarə etdiyi "VAZ 2107" markalı avtomobillə aşırıb.

Nəticədə o, ağır xəsarətlər alıb və Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra isə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Amma həkimlərin səyinə baxmayaraq, ötən gün dünyasını dəyişib.

Faktla bağlı cinayət işi istintaq edilir.