Fransa Xarici İşlər Nazirliyi Qəzza zolağında zorakılıqların artması zamanı çoxlu sayda mülki şəxsin həlak olması ilə bağlı dərin narahatlığını bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

"Fransa humanitar vəziyyətin pisləşməsi səbəbindən Qəzzada sayı bir neçə min nəfəri ötmüş mülki əhalinin həlak olması ilə bağlı narahatlığını ifadə edir", - diplomat bildirib.

O vurğulayıb ki, Paris də BMT obyektlərinə və humanitar işçilərinə hücumları və jurnalistlərə hücumları pisləyir: "Mülki əhali HƏMAS-ın cinayətlərinin əvəzini ödəməməlidir".

"Mülki əhalinin müdafiəsini təmin etmək, humanitar yüklərin çatdırılmasını asanlaşdırmaq və zərərçəkənlərə yardım göstərmək üçün humanitar atəşkəsin yaradılması lazımdır", - o əlavə edib. 

Eyni zamanda Xarici İşlər Nazirliyi Qəzzada saxlanılan bütün girovların dərhal azad edilməsini tələb edib.