Fransa Senatı Bastion zirehli texnikasının effektivliyini və 2024-cü ildə "Nexte"in yeni istehsal güclərini nəzərə alaraq SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsini mümkün qədər tez dəyərləndirməyi tövsiyə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Senatından bildirilib.

Məlumata görə, Fransanın "Arquus" şirkətinin istehsalı olan 24 “Bastion” tipli zirehli texnika artıq Ermənistana göndərilib. Buna əlavə olaraq hazırda istehsal olunan eyni tipli daha 26 maşın göndəriləcək.

Qeyd olunur ki, Ermənistan bu yaxınlarda “Thales”dən üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.

"Fransa hakimiyyəti Ermənistana "müdafiə" silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib. Müdafiə və hücum silahları arasındakı bu fərq əslində Ukraynadakı müharibənin göstərdiyi kimi praktiki deyil. Gəlin eyni səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların tədarükünü gecikdirməyək. Ona görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı operativ şəkildə cavab verməliyik", - Fransa Senatı bildirib.

Silahların tədarükü ilə bağlı razılaşmalar 2023-cü ilin oktyabrında Parisdə Fransa hərbi departamentinin rəhbəri Sebastyan Lekorn ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında keçirilən görüşdə əldə olunub.