Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən İqtisadiyyat.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 9 nəfər xilas edilib. Həmçinin, Şəmkir rayonunun Qapanlı kəndində “Ford” markalı yük avtomobilinin yol kənarındakı dərəyə aşması nəticəsində nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.