Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının VII Yığıncağı baş tutub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, görüş Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilib. Görüşün əsas məqsədi Assosiasiyanın strukturunda yeni dəyişikliklərin edilməsi, narçı fermerlərin problem və təkliflərinin öyrənilməsi olub. Nəticə etibarilə 5 nəfərdən ibarət İdarə Heyəti və İdarə Heyətinin sədri müəyyənləşdirilib. İdarə Heyətinin üzvləri arasında keçirilən səsvermə nəticəsində Azərbaycan Nar İstehsalçılar və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov yenidən sədr seçilib.

Görüşün ikinci panelində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları narçı fermerlərin problem və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.

Fermerlər qarşılarında duran ən böyük problem olaraq məhsullarını xarici bazarlara çıxara bilmədiklərini qeyd ediblər. Bu məsələ kütləvi narazılıq olduğundan diqqətə götürülüb və həlli istiqamətində işlərin görüləcəyi bildirilib.

Fermerlərin səmərəli gübrə-dərman vasitələri tələbi yerindəcə həllini tapıb, digər bir sıra məsələlər isə baxılması üzrə qeydiyyata alınıb.