Qəzza zolağı dünyanın ən qaynar nöqtələrindən biri olmaqda davam edir. İsrail tərəfi Livanı və Fələstini demək olar ki, neytrallaşdıra bilmişdi. Son bir neçə ildir ki, əvvəlki illərə nisbətən ciddi qarşıdurma yaşanmırdı. Son üç ildə ən qaynar nöqtə Cənubi Qafqaz və Ukrayna sayılırdı. 3 il ərzində Azərbaycan bir dəfə 44 günlük müharibə, müharibədən sonra bir neçə dəfə xüsusi əməliyyat keçirdi, ən son isə ötən ay antiterror tədbirləri keçirərək postsovet məkanında separatizmə ilk dəfə son qoydu. Ukrayna-Rusiya müharibəsi isə sürünən fazada davam etməkdədir. Açığı Ukrayna-Rusiya müharibəsi gündəmi o qədər də məşğul etmir.

Qəzza zolağında o qədər sakitlik idi ki, hətta ABŞ rəsmiləri də vəziyyəti son 20 ilin ən sakit dönəmi adlandırırdılar. Sən demə bu, fırtına öncəsi sakitlik imiş. HƏMAS-ın İsrailə hücumundan əvvəl Yaxın Şərqdə aktivlik artmışdı. Türkiyədə törədilən terror aktından sonra rəsmi Ankara Suriyanın şimalında antiterror əməliyyatlarına start verdi. Dünya mediası, hətta İsrail belə Suriyada baş verənlərə fokuslanmışkən anidən HƏMAS-ın İsrailə hücumu gerçəkləşdi.

HƏMAS-ın eyni vaxtda yüzlərlə raket zərbəsi endirməsi, kompakt davranışı, paramotorlar vasitəsilə İsrailin çəkdiyi səddi keçib hücum etməsi onu deməyə əsas verir ki, bu əməliyyata çox ciddi hazırlıq görülüb və qısa zamanın işi deyil. HƏMAS demək olar ki, bütün detalları göz önünə alıb, İsrail tərəfinin ən zəif nöqtələrini belə hesablayıb. HƏMAS-ın qəfil və bütün vasitələrlə hücumu bir neçə saatlıq İsraili iflic etdi. Sərhəddə quraşdırılmış kamera və süni intellekt vasitələrinin sıradan çıxarılması üçün elektrik sistemi vuruldu. Ardınca divarların yarılması və paramotorlar üzərindən keçirilərək şəhərlərə piyadaların hücumu təşkil edildi. İsrail tərəfi o qədər çaş-baş qalmışdı ki, hərbi hissələr belə adekvat reaksiya verə bilmədi. HƏMAS bir neçə hərbi hissəni darmadağın etdi, çoxlu sayda hərbçi öldürüldü. İsrail tarixində bəlkə də bu qədər yüksək rütbəli zabitin öldüyü, yaxud əsir düşdüyü olmamışdı.

İsrail tərəfi bir müddət sonra hücuma keçdi və qarşı tərəfə sarsıdıcı zərbələr endirməyə başladı. Artıq axşam saatlarında İsrail bombardımançı təyyarələri Qəzza zolağına durmadan zərbələr endirməyə başladı. İsrail son dərəcə qərarlı görünür. Rəsmi Təl-Əviv Qəzza zolağında HƏMAS-ın kökünü kəsmək üçün hər vasitədən istifadə edəcək. İsrail bu məsələni gələcəyə və şansa buraxmaq istəməyəcək. Bunda ərəb ölkələrinin və İranın mövqeyi də önəmli olacaq. Əgər prosesə üçüncü tərəf qoşulacaqsa, bu müharibə uzana və hətta bütün regionu əhatə edə bilər. 

Livanın bu məsələyə müdaxilə edəcəyi gözlənilsə də, məlum olub ki, Hizbullah neytral qalacaq. İndiki məqamda İsraillə HƏMAS üz-üzədir. Tərəflərin savaşında çoxlu sayda mülki insanların öləcəyi qaçılmazdır.

İsrail tərəfi baş verənlərə görə İranı günahkar hesab edir. Hətta rəsmi Təl-Əviv İranın buna görə cəzalandıracaqlarını bəyan edir. İranın gələcəyinin masada olduğu artıq heç kəsə sir deyil. İsrail əgər İranla birbaşa müharibəyə girsə, bu Cənubi Qafqaza da öz təsirini göstərəcək. Yeri gəlmişkən HƏMAS-ın İsrail şəhərlərini ələ keçirdiyi zamanda İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus kanallardan Azərbaycana da hədələr yağdırılmağa başlamışdı.

Görünən odur ki, aktiv, yaxud passiv bütün münaqişə ocaqları qaynayacaq. Yeni müharibələr qaçınılmaz olacaq. Çünki həm ciddi silahlanmaya gedilir, həm də münasibətlər kəskinləşir. Dünya müharibəsinin baş tutması sürpriz olmayacaq.

Səxavət Məmməd