Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yenidən parlamentə təqdim edib. 

İqtisadiyyat.az xəbər verir ki, sözügedən sənəd qanunverici orqanın saytında dərc olunub.

Çərşənbə günü səhər saatlarında parlament çoxluğunun lideri və hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze analoji təşəbbüsün kütləvi etirazlara səbəb olmasından və hakimiyyəti tərk etməyə məcbur edəndən bir il sonra xarici agentlər haqqında qanun layihəsinin parlamentə yenidən təqdim edilməsi qərarını elan edib. Mdinaradze deyib ki, qanun layihəsinin mətni "xarici təsir agenti" ifadəsi istisna olmaqla, ötən il olduğu kimi olacaq. Əvəzində "xarici gücün maraqlarını güdən təşkilat" anlayışından istifadə olunacaq.

Qanun layihəsinə verilən izahat qeydinə görə, xarici dövlətin maraqlarını güdən təşkilat anlayışını təqdim etmək və müvafiq olaraq bu qurumların qeydiyyatına başlamaq lazımdır. Həmçinin qeyd edilir ki, qanunvericilik aktı yalnız məlumat məqsədinə xidmət edir və xarici maraqların müdafiəçisi kimi tanınacaq təşkilatların fəaliyyətini məhdudlaşdırmayacaq.

Qanun layihəsi fiziki şəxslərə şamil edilmir, gəlirlərinin 20%-dən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslərə və KİV-lərə şamil edilir. Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcəklər. Cərimədən sonra belə bəyannamə təqdim edilməzsə, bəyannamənin vaxtı keçmiş hər ay üçün 20 min lari (təxminən 7,4 min dollar) tutulacaq.

Hakim partiyanın xarici agentlər haqqında qanunun qəbuluna qayıtmaq qərarı müxalifət və ölkə prezidenti Salome Zurabişvili arasında mənfi reaksiyaya səbəb olub və o, "Gürcü arzusu"nun hərəkətlərini ölkənin Aİ yolunda təxribat adlandırıb. Müxalifət hələlik heç bir etiraz aksiyası elan etməyib. Mdinaradze qeyd edib ki, qanunun yaz sessiyasının sonuna qədər qəbul edilməsi planlaşdırılır.