Azərbaycanda ətin qiymətinin bahalaşması müşahidə olunur. Bu barədə mediada yayılan xəbərlər istehlakçılarda narahatlıq yaradıb. Müşahidələrə görə bəzi qəssabxanalarda bir kq dana ətinin qiyməti 14-16, bir kq quzu ətinin qiyməti isə 19-20 manat təşkil edir.

Iqtisadiyyat.az mövzunun aktuallığını nəzərə alaraq ekspertlər və satıcılarla söhbət aparıb. İqtisadçı-ekspert Xalid Kərimli bahalaşmanın səbəbini daha əvvəl baş verən proseslərlə əlaqələndirir: “Taxıl məhsullarının qiymətinin son iki ildə bahalaşması heyvandarlıqla məşğul olan şəxslərin xərclərinin artmasına gətirib çıxarıb. Ümumiyyətlə, ətin maya dəyərinin 70%-i yemlə bağlıdır. 2021/22-ci il ərzində yem xərcləri kəskin qalxıb. Ona görə də ətin maya dəyərinin bahalaşması qaçılmaz olub. Biz ətin 2-3 il əvvəlki qiymətlərini bir daha görməyəcəyik”.

X.Kərimli son qiymət artımını isə müvəqqəti hesab edir: “İndiki qiymət sıçraması daha çox mövsümi tələbatla əlaqədar məsələdir. Dekabr-mart aylarında adətən tələbat kəskin artır, buna uyğun olaraq da qiymət bahalaşır. Bazarda ət təklifi artdıqca, istehlak da bir qədər azaldıqca, qiymətlər stabilləşəcək”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə məsələyə heç də nikbin baxmır: “Azərbaycada bir dəfə qalxan qiymət bir daha enmir. Bayram günlərində tələbatın çox olduğu vaxtlarda qiymət artır, sonra enmə olmur. Ona görə də ətin qiymətinin qalxan tendensiya ilə davam edəcəyini düşünürəm”.

Qurum sədri vəziyyətdən çıxış yolunu da bizimlə bölüşüb: “Əhalinin ətlə təminatına dair bir neçə il öncə qarşıya qoyulan hədəflərə nail olunmayıb. Ölkədə böyük meqafermalar yaradılmalıdır. Hazırda bazarda təklif olunan məhsul fərdi kənd təsərrüfatında olan mal-heyvanlardır, onlar da tükənir, insanlar getdikcə əkinçiliyə üstünlük verir. Belə vəziyyətdə təklif azaldığı, tələb artdığı üçün qiymət qalxır”. 

Mövzu ilə bağlı Yasamal rayonunda yerləşən qəssabxanalardan birinə baş çəkdik. Satıcı onlarda qiymətin bahalaşmadığını bildirdi. Qapıya vurulan elanda da bir kq dana ətinin 13.50 manata satıldığı qeyd olunub. Ət kəsimi ilə məşğul olan Arzuman Həsənov isə bildirib ki, qiymət artımı daha çox çəkilən xərclə əlaqədardır:

“Adam var, öz obyektidir, icarə xərci yoxdur, ona görə də qiyməti qaldırmır. Adam da var ki, xərcləri artdığına görə və tələbatın da artmasını fürsət bilərək qiyməti 1-2 manat bahalaşdırır. Ümumiyyətlə isə bahalaşma yem xərclərinin qiymətinin artmasından qaynaqlanır. Ucuzlaşma olacağını isə açığı gözləmirik”. 

Mövzuya yenidən qayıdacağıq.