Ermənistan Respublikası ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində martın 28-29-da Londonda korrupsiyaya qarşı mübarizəyə dair müzakirələr aparılıb.

İqtisadiyyat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan nümayəndə heyətinə Müdafiə Nazirliyinin baş katibi Hamlet Batikyan başçılıq edib.

Məlumata görə, görüş zamanı Böyük Britaniya Müdafiə Nazirliyinin təhlükəsizlik siyasəti üzrə baş direktoru Pol Uayt və Böyük Britaniya Müdafiə Nazirliyinin direktoru Qay Lesterin rəhbərlik etdiyi Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələri ilə görüş olub. 

Görüşdə Ermənistan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Varujan Nersesyan da iştirak edib.

Görüş zamanı korrupsiyaya qarşı mübarizədə Ermənistan-Böyük Britaniya əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.

Ermənistan Müdafiə Nazirliyinin baş katibi Hamlet Batikyan Ermənistan Müdafiə Nazirliyinin korrupsiyaya qarşı mübarizə üzrə cari proqramlarını təqdim edib.

Britaniya tərəfi həmin sahədə mövcud təcrübə və metodologiyanı təqdim edib və Ermənistan Respublikasının Müdafiə Nazirliyinə lazımi köməklik göstərməyə hazır olduğunu bildirib.

Müzakirələr zamanı birgə layihələrin həyata keçirilməsi, ekspert və metodiki dəstəyin göstərilməsi istiqamətində bir sıra razılaşmalar əldə olunub.