Ermənistanda son günlərdə hərbçilərə verilən qidaların keyfiyyəti yenidən müzakirə mövzusuna çevrilib.

İqtisadiyyat.az xəbər verir ki, bir neçə gün əvvəl hərbi hissələrin birində 30-a yaxın hərbçinin zəhərlənməsi ilə bağlı xəbər yayılsa da, Ermənistan Müdafiə nazirliyi xəbəri təkzib edib. Lakin mövzu aktual olaraq qalır. 

Yerli ekspertlər qeyd edir ki, ölkənin keçmiş müdafiə naziri David Tonoyanın üç il əvvəl tətbiq etdiyi sistemdən əsər-əlamət yoxdur. Sözügedən sistemə görə, yerləşdiyi ərazidən asılı olmayaraq bütün hərbi hissələrdə yeməklərin təşkili eyni keyfiyyətdə olmalı idi. Bu üçillik proqram aradan üç il keçməsinə baxmayaraq, hələ də deyildiyi kimi tətbiq edilməyib. Adının çəkilməsini istəməyən hərbçilərin Ermənistan mediasına verdiyi açıqlamaya görə, şikayətlər günü-gündən artmaqdadır.

Müqaviləli hərbi qulluqçu, vəzifəsi ilə əlaqədar müxtəlif hərbi hissələrdə olan zabit bildirib ki, qida ölkənin az qala bütün hərbi hissələrində problem olaraq qalmaqdadır: “Hərbi hissələrdə həftədə yarım kilodan bir az artıq kolbasa verirlər. Bu kolbasa 11 nəfər arasında bölünməlidir. Axı onu necə bölmək olar? Yarım kilo 5-6 ədəd kolbasa deməkdir. Və belə çıxır ki, hər birimiz həftədə yarım kolbasa yeməliyik. 
Ya da konservləşdirilmiş ət gətirirlər. Açırsan, içindən ət yox, bibərli sıyıq çıxır".

Bu günlərdə Qapandakı hərbi hissələrdən birində ət və çörəklə bağlı şikayətlər ölkə mediasında işıqlandırılıb. Ermənistanın "Hraparak" nəşri yazır ki, hərbçilər üçün alınan çörəklər çox tez xarab olur. Müfəttişlər isə qanun pozuntularını qeydə alsalar da, nəticə dəyişmir. Bundan əlavə, reyd keçirən müfəttişlərin yeməkləri yoxlamaq hüququ yoxdur. Məqalədə qeyd olunur ki, onlar yalnız hərbi hissənin yeməkxanasına daxil olurlar. Yeməkxanada isə ümumi vəziyyət qənaətbəxş görünür. Lakin yeməklərin keyfiyyəti ürəkaçan səviyyədə deyil.
 
Ermənistan Müdafiə Nazirliyi orduda qidanın keyfiyyəti ilə bağlı şikayətlər olduğunu etiraf edib. Nazirlikdən bildirilib ki, daxil olan hər bir şikayət izlənilir və araşdırmalar aparılır.